şənbə 28 fevral 2026 - 23:52
Həzrət Xədicə (s.ə) zənginliyi və öz nüfuzu ilə seçilən tarixi bir şəxsiyyət

Hövzə | Höccətül-İslam vəl-müslimin Əhmədi Əraki bildirib: Həzrət Xədicə (s.ə) tarixdə Ərəb yarımadasının ən varlı tacir qadını kimi tanına biləcək bir şəxsiyyət idi. O, peyğəmbərə ilk yardım və dəstək verən, həmçinin peyğəmbərin ən çətin anlarında ona yardım edən ilk şəxs idi.

İslam üzrə tədqiqatçı və Mərkəzi vilayəti üzrə elmi hövzələrin təbliğatçısı, Höccətül-İslam vəl-müslimin Əhmədi Əraki, həzrət Xədicənin (s.ə) vəfatı münasibətilə Hövzə Xəbər Agentliyinə verdiyi müsahibədə bildirib: Bəşər tarixində böyük qadınlar çoxdur, lakin bütün sərvət və imkanına baxmayaraq, tənhalığı öz taleyinə yazan qadınlar azdır.

Həzrət Xədicə (s.ə) tarixdə Ərəb yarımadasının ən varlı tacir qadını kimi tanına biləcək bir şəxsiyyət idi, lakin o, öz adını peyğəmbərlə birlikdə tarixə yazdırmağı seçdi. Peyğəmbər hələ heç kəs tərəfindən tam qəbul edilməmişdi. O, Qureyş qəbiləsinin himayəsində və Kəbənin yanında təhlükəsiz yaşaya bilərdi, lakin üç il boyunca Şəab Əbu Talib bölgəsində, sərvətsiz, lakin iman və təqva ilə yaşamağı seçdi. O, qohumları və qəbiləsi arasında hörmətli ola bilərdi, amma peyğəmbərlə tənha yol yoldaşlığını bütün dünya mənfəət və məramından üstün tutdu.

Bu gün İslam ümmətinin tarixində onun məqamı layiqincə tanıdılmayıb. Həzrət Xədicə (s.ə) Şəab Əbu Talib bölgəsində peyğəmbərin ən çətin zamanında öz sərvət və imkanı ilə ona dəstək oldu. 

Həzrət Xədicə (s.ə) İslam peyğəmbərinin (s) risalətinə iman gətirən ilk qadındır. Bu əzəmətli və əxlaqlı xanım yalnız həyat yoldaşı deyildi, o, peyğəmbərə ilk yardım və dəstək verən, həmçinin peyğəmbərin ən çətin anlarında ona yardım edən ilk şəxs idi. Qureyşin istehzasına baxmayaraq, o, sərvəti ilə qul alıb onları azad etdi ki, tövhid mesajını insanlara çatdıra bilsin. Məkkə əhli onu qəbul etməsə də o, öz sərvətini çörəyə çevirdi və ac insanlara payladı. Tarixdə bəzi sərkərdələrin adları qızıl hərflərlə yazılmasına baxmayaraq, amma o, əzəmətli və vüqarlı xanımın adını ört-basdır etməyə çalışıblar.

🔴Höccətül-islam vəl-müslimin Əhmədi Əraki bildirib: Təəccüblüdür ki, bu müdrik xanım bütün sərvətini ixlasla Allah dininin yolunda xərcləməsinə baxmayaraq, İslam tarixində bu dəyərli xanıma yetərincə diqqət edilməyibdir.

Daha təəccüblüsü budur ki, insanlar onun sərvətini gördülər, lakin onun yoxsulluğunu əks etdirən rəvayətləri görmədilər.

O əlavə edib: “Əgər bu gün imanlı varlı şəxslərdən danışırıqsa, o, ilk və ən böyük nümunədir. Əgər əxlaq yönümlü sahibkarlardan bəhs ediriksə, onun adı tarix səhifələrinə yazılmalıdır. Əgər dünyanın təsirli qadınlarından yazırıqsa, onun yeri bütün dövrlərin ən təsirli qadınlarının yanında boşdur.

Höccətül-İslam vəl-müslimin Əraki əlavə edib: Həzrət Xədicənin (s) yüksək mövqeyini təsvir etmək üçün bu kifayətdir ki, Peyğəmbər (s) onun yanında dərin bir rahatlıq tapırdı. Rəvayətlər göstərir ki, Məkkə əhalisi peyğəmbəri incidər və söz və hərəkətləri ilə ona əziyyət edərdilər. Lakin o, çətinlik və əzab içində evinə qayıdanda sadiq həyat yoldaşının yanında olarkən bütün əzabları unudur və kainatın verdiyi bir rahatlıq ruhunu doldururdu. Bu dərin bağlılıq göstərir ki, bu dahi şəxsiyyətə diqqətsizlik şiə və müsəlmanlar üçün böyük və əvəzsiz bir itkidir.

O vurğulayıb: Həzrət Xədicənin (s.ə) vəfatından sonra onun müqəddəs adı heç vaxt Peyğəmbərin (s) yaddaş və dilindən silinmədi. Peyğəmbərin yanında onun adı çəkildikdə, gözləri yaşla dolardı. Bu sədaqət o qədər güclü idi ki, kimsə bir ehtiyacını Həzrət Xədicənin (s) adı ilə Peyğəmbərdən xahiş etdikdə, o dərhal ehtiyacını yerinə yetirirdi.

Mərkəzi vilayəti üzrə ilahiyyat seminarlarının müəlifi bildirib: Peyğəmbərin (s) bu sevgi və sədaqətlə dolu davranışları bəzən onun digər həyat yoldaşlarının qısqanclığını oyadırdı. Lakin Peyğəmbər (s) belə həyat yoldaşına hörmət etməkdən heç vaxt geri çəkilmirdi. Məsələn, qurban kəsərkən həmişə həzrət Xədicənin (s) dost və qohumları üçün xüsusi pay ayrılmasını əmr edirdi.

O bildirib ki, Peyğəmbərin (s) həyat yoldaşlarından biri belə nəql edir: Peyğəmbər (s) Mədinədə dəfələrlə həzrət Xədicəni (s) yad edərək belə deyirdi: Xədicənin (s.ə) yeri boşdur.  Sonra isə onun Məkkədə və Şəab Əbu Talib mühasirəsi dövründə çəkdiyi çətinliklərdən və göstərdiyi xidmətlərdən danışırdı.

O əzəmətli xanım böyük bir sərvətə sahib idi və bəzi rəvayətlərə görə, bütün sərvətini Peyğəmbərə (s) bağışlamışdı. O, vəfat edərkən özü üçün kəfən belə yox idi.
Höccətül-İslam vəl-müslimin Əhmədi Əraki deyib: Həzrət Xədicənin (s.ə) qohumlarından kimsə Peyğəmbərin (s) yanına gələndə, hətta uzaq qohum olsaydı belə, Peyğəmbər (s) onu böyük hörmətlə qarşılayırdı. Rəvayətlərdə deyilir ki, bəzən Peyğəmbər (s) öz əbasını onun ayaqları altına sərərək özü ona xidmət edirdi.

O vurğulayıb: Həzrət Xədicə (s.ə) yalnız Peyğəmbərin (s) həyat yoldaşı deyildi, o, sərvət, iman və əməl baxımından böyük bir nümunə idi. O, bizə öyrətdi ki, böyük sərvət yalnız Allah yolunda xərclənəndə dəyər tapır və imana isə maddi bağlılıqlardan daha yüksək dəyər verdikdə dəyər qazanır.

Höccətül-İslam vəl-müslimin Əhmədi Əraki qeyd edib: Onun tarixi qəribliyi onun mövqeyinin az əhəmiyyətli olmasından yox, tarixə vasitəçilik baxışı ilə yanaşmamızdan irəli gəlir.

O, sonda bildirib: Həzrət Xədicənin (s.ə) həyatı ilə tanış olmaq, böyük bir nümunənin tanınmasıdır. O, güc və sərvətinin zirvəsində ən təvazökar Allah bəndəsi, o cümlədən peyğəmbərə ilk yardım və dəstək verən, həmçinin peyğəmbərin ən çətin anlarında ona yardım edən ilk şəxs idi.

Höccətül-İslam vəl-müslimin Əhmədi Əraki bildirib: Həzrət Xədicə (s.ə) göstərdi ki, qadınlar tarixdə kənarda qalmayıb, ən yaradıcı və formalaşdırıcı anların mərkəzində iştirak edirlər. Onun tarixi payı yalnız Peyğəmbərin (s) həyat yoldaşı kimi deyil, həm də "ədalətli sərvət sahibi olan bir qadın", "möminlərin anası" və "tövhid mesajının daşıyıcısı" kimi əks olunmalıdır. Ümid edirik ki, onun haqqında olan məlumat və rəvayətimiz bir daha diqqətdən kənarda qalmayacaqdır.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha